Fulbright təqaüd proqramı ilə Arizona Dövlət Universitetində Maliyyə təhsili alan Aysel Soltanlı ilə müsahibə

Fulbright təqaüd proqramı ilə Arizona Dövlət Universitetində Maliyyə təhsili alan Aysel Soltanlı ilə müsahibə

Salam. İlk öncə müsahibə təklifiniz üçün minnətdarlığımı bildirirəm. Təcrübələrimi gənclərlə bölüşməyə şərait yaratdığınız üçün təşəkkür edirəm.

Mən, Aysel Soltanlı, İmişli rayonunda anadan olmuşam və orta təhsilimi İmişli rayon 1 saylı orta məktəbdə başa vurmuşam. 2010-cu ildə TQDK qəbul imtahanından 640 bal yığaraq Qafqaz Universiteti, Maliyyə fakültəsinə qəbul olmuşam. 2016-cı ildə Fulbright təqaüd proqramı çərçivəsində Arizona Dövlət Universitetində Maliyyə üzrə magistr təhsilimə başladım.

 

  1. Son zamanlar xaricdə təhsil almağa maraq artıb. Bir tələbə olaraq xaricdə təhsil almağın səbəblərini bizimlə bölüşərdiz?

 

Sizinlə tamamilə razıyam. Xüsusən, “2007-2015-ci il Xaricdə Təhsil üzrə Dövlət Proqramı”ndan sonra xaricdə təhsil daha geniş yayılmağa başladı. Heç şübhəsiz, xaricdə təhsil almağın ən mühüm səbəblərindən biri daha keyfiyyətli, beynəlxalq standardlara uyğun təhsilə yiyələnməkdir. Bununla yanaşı, xaricdə təhsil gələcəkdə daha yaxşı karyera imkanları, yeni dostluqlar, yeni əlaqələr, yeni dil öyrənmək, ailəndən, dostlardından tamam ayrı, müstəqil mühitdə özünü (zəif və güclü tərəflərini) tanımaq və inkişaf etdirmək fürsəti deməkdir.

 

  1. Təhsil aldığınız Universitetin Azərbaycandakı ali məktəblərindən hansı fərqlilikləri var? Bizi qiyabi olsa da tanış edə bilərsinizmi?

 

Hal-hazırda təhsil aldığım Arizona Dövlət Universitetini (ASU) yanlız bakalavr təhsili aldığım Qafqaz Universiteti ilə müqayisə edə bilərəm. Əvvəlcə onu deməliyəm ki, Qafqaz Universitetində maliyyə üzrə bakalavr təhsili aldığım üçün özümü çox şanslı hiss edirəm. Çünki bakalavr təhsili müddətində yiyələndiyim biliklər magistr dərslərimdə müvəffəqiyyətli olmağımda çox kömək olur. Fərqlərə gəldikdə isə, ilk öncə professor-müəllim heyətindən bəhs etmək istəyərdim. Mənə dərs deyən müəllimlərimin əksəriyyəti bir maliyyəçinin xəyal edə biləcəyi şirkətlərdə/təşkilatlarda yüksək vəzifələrdə işləmiş, təqaüdə çıxdıqdan sonra isə universitetdə dərs deməyə başlayıblar. Buradakı təhsilin ən unikal cəhətlərindən biri də qrup işlərinin ön planda olmasıdır. Elə dərslər olur ki, fərdi şəkildə imtahan vermək yerinə qrup şəklində hazırladığımız hesabatlar, sunumlar əsasında qiymətləndirilirik. Ümumiyyətlə isə, bir çox dərslərimizdə 50% qiymət qrup işlərindən gəlir. Bundan əlavə, tələbələrə Bloomberg, Morningstar kimi databazalardan istifadə öyrədilir və hesabatları həmin bazalar əsasında hazırlamaq tələb olunur. Bir digər fərq isə, burada universitet karyera mərkəzinin daha aktiv işləməsidir. Hər bir tələbənin karyera kouçu var və tələbə təhsil aldığı müddətdə həmin kouçlar tələbənin profilinə uyğun olan iş, praktika elanlarını onunla bölüşür, müsahibə mərhələsi ilə bağlı köməklik edir. Təhsil haqqının Azərbaycanla müqayisə olunmayacaq dərəcədə yüksək olmasına səbəb universitetin təhsillə yanaşı təklif etdiyi digər fəaliyyətlərdir (idman mərkəzi, şirkət gəzintiləri, databazalara çıxış imkanı, səhiyyə və s).

 

  1. Tələbə həyatı dedikdə fərqli həyat tərzi göz önünə gəlir. Təhsil aldığınız ölkədə bir tələbənin həyatına nələr daxildir ?

 

Doğrusu, təhsilimin geridə qalan 5 ayı ərzində özümü yanlız final imtahanlarında bir tələbə kimi hiss etmişəm J Təhsil aldığım W. P. Carey Biznes Məktəbinin əsas məqsədi tələbələri əsl peşəkar şəklində yetişdirməkdir. Məsələn, professor dərsin ilk 20-30 dəqiqəsini o günə olan iqtisadi, maliyyə yeniliklərindən söhbət açaraq başlayır. Həmin bu giriş hissədə hər bir tələbə hansı şirkətin səhmlərinin yüksəlişdə/geriləmədə olduğunu düşünür, indeks və sektorların performansını necə görür, oxuduğu maraqlı xəbərləri və s. qrupla bölüşür. Maliyyə tələbəsi olaraq professorların bizlərdən gözləntisi dərsə gəlməzdən öncə məşhur maliyyə jurnallarını oxumağımız və siniflə bölüşməmizdir. Hətta koridorlara ‘Wall Street Journal’-ı belə qoyulur! Təhsillə yanaşı müxtəlif seminarlarda, şirkət gəzintilərində, mədəniyyət tədbirlərində iştirak edirik.

Bütün bu əzab-əziyyətdən sonra nəhayət həftəsonları gəlir və biz birazca da olsa, Amerikanı tanımağa vaxt tapırıq.

 

  1. Sizin təhsil aldığınız Universitetdə bir tələbə imtahanlara necə hazırlaşır? Universitetlərin kitabxanalarından istifadə şərtləri necədir?

 

ASU-da mən hələ ki imtahana hazırlaşmaq üçün kitabxanaya getməmişəm. Hər bir tələbənin elektron kitabxanaya çıxışı var və bu elektron bazada lazımlı olan bir çox kitabları əldə edə bilərsən. İmtahan ərəfəsində mən günümün mühüm bir hissəsini qrup yoldaşlarımla birlikdə qrup otaqlarında keçirirəm. Bu qrup otaqları yüksək səviyyəli texnologiya və böyük yazı lövhələri ilə təchiz olunub. Düşünürəm ki, eynilə mənim kimi biznes məktəbinin digər tələbələri də bu şəkildə hazırlaşır. Amma onu da qeyd etməliyəm ki, ASU-nun Arizonanın 2 şəhərində çox geniş sahəni əhatə edən kampusu və 7 böyük kitabxanası var. Biznes məktəbindən başqa digər fakültələr isə bildiyim qədəri ilə kitabxanadakı vasitələrdən və oxu zallarından istifadə edir.

 

  1. Xarici ölkədə tələbələrin daha çox sərbəst olduğunu deyirlər. İlk günlərdə tələbələrlə müəllimlər arasındakı münasibətlər sizi təəccübləndirdimi? Maraqlı nəsə baş verib?

 

Bu fikirlə qismən razıyam. Müşahidə etmişəm ki, müəllim hər nə qədər formallığı aradan qaldırmağa çalışsa da, bəzi millətlərin nümayəndələri hələ də yerli əhali kimi sərbəst ola bilmir. Xüsusən şərq millətləri bu kateqoriyaya aiddir. Məsələn, bir amerikanlı çox rahat şəkildə müəllimə adı ilə müraciət edə bilirsə (ilk dərsdə müəllimlər özləri hər kəsdən onlara adları ilə xitab olunmasını xahiş edir), bu şərq millətlərinə o qədər də asan deyil, onlar ‘Professor’, ‘Sir’, ‘Mr. XXX’ kimi xitabları üstün tutur.

 

  1. Təhsil aldığınız müddətdə sizə ən çox çətin gələn nə oldu?

 

Məhz dərslə bağlı ilk günlərdə əvvəl də bəhs etdiyim iqtisadi analizlərdə iştirak etmək mənə çox çətin gəlirdi. Hansı xəbərləri hansı mənbələrdən oxumaq lazımdır, fikirlərimi ən effektiv şəkildə necə çatdıra bilərəm və s. 1-2 həftə vaxtımı aldı.

Başqa bir çətinlik (və ya yenilik) isə, bakalavr dövründəki kimi istədiyim vaxtı müəllimlərin otağının qapısını döyüb, içəri daxil ola bilmirdim. Hər bir müəllim həftənin müəyyən bir günündə danışma saatları təyin edir və tələbə həmin saatlarda müəllimdən məsləhətlər ala bilir. Təbii ki, dərslə bağlı nə sualın olarsa, günün istənilən vaxtı emaillə yazıb soruşa bilirsən və müəllim tez bir zamanda cavab yazır. Amma məni tanıyanlar bilir ki, üz-üzə danışmağı email və telefonla ünsiyyətdən üstün (daha effektiv) tutmuşam (bu sadəcə şəxsi seçimdir J ). Zamanla çox uzun olmayan, amerikanların sözü ilə desək ‘up-to-point’ emaillər yazmağı öyrəndim.

 

  1. Adətlərin, mədəniyyətlərin fərqli olduğu bir ölkədə bir əcnəbi gənc olaraq rastlaşdığın çətinlik nələr oldu?

 

Daha öncələr Avropada mübadilə təhsili aldığımdan artıq mədəniyyət şokun (cultural shock) o zaman yaşamışdım. Onun üçün Amerikada qarşılaşdığım çətinliklər gözümə ciddi bir problem kimi görsənmədi. Ümumiyyətlə, xaricdə oxumağa yola düşən tələbələr xüsusən tələbə yataqxanalarındakı natəmizliyə, bizim adətimizdə olmayan evdə ayaqqabı ilə gəzmək, müxtəlif heyvan saxlamaq və s. görməyə hazırlıqlı olsunlar. Və məsləhət görərdim ki, gedəcəkləri ölkələrin adət-ənənələri ilə bağlı sənədli filmlərə baxsınlar.

Qeyd: Hər zaman ən böyük çətinlik ana yeməyini tapa bilməməkdir.

 

  1. Sonda Xaricdə təhsil almaq arzusunda olan gənclərə nə demək istərdiniz?

 

Əvvəlcə xaricdə təhsil arzusunda olan bütün gənclərimizə uğurlar arzulayıram. Bu yolda qarşılaşacaqları bütün çətinliklərə (müxtəlif imtahanlar, universitet axtarışı, sənədləşmə və s.) dözsünlər, son nəticə bütün o çətinlikləri unutdurur. Çətinliyə dözməyin də yolu özünə inamdan keçir! Tam səmimi şəkildə deyə bilərəm ki, bir çox azərbaycanlı tələbələr bilik cəhətdən xarici tələbələrdən heç geri qalmır (şəraiti nəzərə alsaq, öndədirlər), özləri də bunun şahidi olacaqlar.

Belə bir deyim var: uğur insanın komfort zonasından kənardadır. Mən Fulbright təqaüdünə müraciət edərkən fikirlərini dəyərli bildiyim bir çox şəxslərdən (müəllimlərim, iş yoldaşlarım, dostlarım) məsləhət aldım, onların da köməyi ilə öz üzərimdə xeyli işlədim. ‘Niyə özümü bu proqram üçün ən yaxşı namizəd hesab edirəm’ mənim üçün müsahibənin ən çətin hissəsidir. Əsasən də iş yoldaşlarımın təkidi ilə özümü tərifləməyi öyrəndim. Tələbələrə də məsləhətim odur ki, daim özlərini inkişaf etdirsinlər, müəllimlərindən, xaricdə təhsil alan dostlarından rəylər alsınlar.

Sonda isə seçimlərindən asılı olmayaraq, hər bir tələbəyə gələcək təhsil və peşəkar həyatında uğurlar arzulayıram.

 

Xaricdə təhsil suallarınıza cavab tapmaq üçün ödənişsiz konsultasiyalara yazıla bilərsiniz:
Tel: (012) 492 36 67
Mob: (055) 373 50 66
Email: info@ybf.az
Young Business Factory
Ünvan: Caspian Plaza III korpus, 12-ci mərtəbə


Baxılma sayı (1094)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>